AZ zonasında domenlərin qeydiyyatı qaydaları
Bu qaydalar İnternet şəbəkəsinin milli seqmenti AZ zonasında
domen adlarının qeydiyyatı qaydalarını müəyyən edir. AZ ISO 3166-1 beynəlxalq
standartına müvafiq olaraq Azərbaycan Respublikasının rəsmi iki hərfli
kodudur. Domen adlarının qeydiyyatı ICANN və IANA beynəlxalq təşkilatlarının
tövsiyyələri əsasında həyata keçirilir.
I. Ümumi qaydalar
1.1. Bu qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir:
1.1. Domen – mərkəzdə idarə olunan və domen adlarının serverləri (DNS)
tərəfindən xidmət olunan İnternet şəbəkəsində məkan. Domen domen adı ilə
eyniləşdirilir.
1.2. Domenin qeydiyyatı – domen haqqında məlumatın verilənlər bazasına
daxil edilməsi.
1.3. Domenin idarə olunması – domenin fəaliyyət göstərməsini təmin etmək
üçün həyata keçirilən təşkilati və texniki tədbirlər.
1.4. Qeydiyyatın ləğv edilməsi – domen haqqında məlumatın verilənlər bazasından
çıxarılması.
1.5. Administrator – domenlərin qeydiyyatını və idarə ediməsini həyata
keçirən hüquqi şəxs.
1.6. Qeydiyyatçı – Administrator ilə müqavilə əsasında domenlərin qeydiyyatını
və idarə ediməsini həyata keçirən hüquqi şəxs.
1.7. Sifarişçi – domen adından istifadə edən fiziki və ya hüquqi şəxs,
dövlət orqanı, yerli özünüidarə orqanı.
II. Az zonasında domenlərin qeydiyyatı
2.1. Az zonasında domenlərin qeydiyyatı və texniki xidməti Administrator
/ Qeydiyyatçı və Sifarişçi arasında bağlanmış müqaviləyə əsasən həyata
keçirilir.
2.2. Az zonasında domen qeydiyyata aldırmaq istəyən şəxs müvafiq qaydada
tərtib edilmiş ərizəni Administratorun info@nic.az e-poçt ünvanına göndərir.
2.3. Az zonasında domenlərin qeydiyyatı Qeydiyatü#305; saytında alına bilər :
1. Network Technologies (www.nt.az)
2. Penki kontinentai Baku (www.extraweb.az)
2.4. Sifarişçinin müraciətinə əsasən Az zonasında domenlərin qeydiyyata
alınması üçün ərizə formaları Sifarişçinin e-poçt ünvanına göndərilə bilər.
2.5. Bir ərizə ilə yalnız bir domen adı üçün sifariş qəbul olunur.
2.6. Sifarişçiyə ərizənin alınması barədə 24 saat müddətində bildiriş
göndərilir.
2.7. Bütün ərizələrə eyni əsaslarla baxılır.
2.8. Düzgün tərtib edilmiş ərizəyə 3 iş günü müddətində baxılır və bu
barədə Sifarişçiyə e-poçt vasitəsi ilə məlumat verilir. Zəruri hallarda
Administrator / Qeydiyyatçı ərizədə göstərilmiş məlumatları təsdiq edən
sənədlərin təqdim edilməsini tələb edə bilər.
2.9. Ərizədə göstərilən bütün əlaqələndirici şəxslər e-poçt vasitəsi ilə
əhatə dairəsində olmalıdırlar. Əks halda Administrator / Qeydiyyatçı onlara
məlumatların çatdırılmaması üçün məsuliyyət daşımır.
2.10. Eyni domen adının qeydiyyatına dair bir neçə ərizə daxil olduqda
ərizələrə daxil olduqları ardıcıllıqla baxılır.
2.11. Ərizəyə müsbət cavab alındıqda Administrator / Qeydiyyatçı və Sifarişçi
arasında müqavilə bağlanır.
2.12. Bir şəxs bir neçə domen qeydiyyata aldırırsa hər bir domen üçün
ayrı-ayrılıqda müqavilə bağlanmalıdır.
2.13. Domen adının qeydiyyat müddəti 1 ildir.
2.14. Az zonasında domenlərin qeydiyyatı və texniki xidməti üçün əvvəlcədən
müəyyən edilmiş qiymətlər üzrə ödənişlərin aparılması qaydası Administrator
/ Qeydiyyatçı və Sifariçi arasında bağlanmış müqaviləyə əsasən müəyyən
edilir.
2.15. «Ümumi istifadə» domenlərinə GENERIK tipli com.az, co.az, org.az, mil.az,
edu.az, biz.az, gov.az, info.az, pp.az, name.az, net.az və int.az domenləri
aiddir. Digər domenlərə «ümumi istifadə» domenləri statusunun verilməsinə
dair qərar Administrator tərəfindən qəbul edilir. «Ümumi istifadə» domenləri
aşağıda göstərilən qaydada qeydiyyata alınır
com.az, co.az – kommersiya təşkilatları
org.az – qeyri- kommersiya təşkilatları
mil.az – hərbi qüvvələr
edu.az – təhsil müəssisələri
biz.az – sahibkarlıq fəaliyyəti
gov.az – dövlət və yerli üzünüidarə orqanları
info.az – kütləvi informasiya vasitələri
pp.az, name.az – fiziki şəxslər
net.az, int.az – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar
və layihələr üçün.
III. Domen adlarının qeydiyyatı zamanı irəli sürülən tələblər
3.1. Müqavilə bağlanan zaman Sifarişçi domen
adının işləməsini təmin edən ən
azı 2 iki (ilkin və ikinci) DNS serverə malik olmalıdır.
Bu serverlər ən azı 2 ayrı-ayrı IP-şəbəkələrdə
olmalı və İnternetə etibarlı qoşulmuş
olmalıdırlar. «Etibarlı qoşulmuş» deyiləndə
serverlə əlaqənin gün ərzində 2 saatdan
çox kəsilməməsi nəzərdə tutulur. Qeyd
olunmuş serverlərin saxlanması beynəlxalq sənədlərdə
(RFC-1032, RFC-1033, RFC-1034 və RFC-1591) müəyyən
edilmiş tələblərə cavab verməlidir. Domen
adlarının serverləri (DNS) haqqında məlumatlar
şəbəkənin cari vəziyyətinə müvafiq
olmalıdırlar.
3.1. 1. Domen adın işləməsi üçün Sifarişçinin göstərdiyi domen ad serverlərinin
(primary və secondary DNS) funksionallığının yoxlanışından müsbət nəticənin
əldə edilməsi şərti tələb olunur.
Sifarişçinin göstərdiyi domen ad serverlərinin funksionallığının yoxlanışından
müsbət nəticə əldə edilmədikdə DNS serverlərin tesləşdirilməsi dayandırılır.
DNS serverlərin təkrar testləşdirilməsini ifarişçi müvafiq qeydiyyat formasının
Qeydiyyatçıya göndərməklə təşəbbüs göstərə bilər.
3.1.2. Domen ad serverlərinə aid olan informasiya şəbəkənin müvafiq vəziyyətində
uyğun olmalıdır.
3.1.3 Qeydiyyatçı 3.1.1 və 3.1.2-ci bəndlərin şərtlərinə
əməl edilmədikdə domen adın fəaliyyətini
dayandıra bilər. Göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan
sonra domen adın fəaliyyəti bərpa olunur.
3.2. Domen adı ən azı 3 və ən çoxu 63 simvoldan
(latın əlifbasının hərfi, rəqəm, və
defis «-» işarəsidən) ibarət olmalıdır.
Domen adı defis işarəsi ilə nə başlana nə
qurtara bilməz.
3.3. Azərbaycan Respublikasının dövlət və
yerli özünüidarə orqanlarına domen adlarının
qeydiyyatı zamanı üçüncü səviyyəli
gov.az zonasını seçmək məsləhət görülür.
3.4. Domen adının seçilməsi zamanı Sifarişçiyə
adına uyğun olan domen adının seçilməsi
tövsiyyə edilir. Domen adının seçilməsi
zamanı Sifarişçi coğrafi adlardan, tanınmış
əmtəə nişanlarından və digər şəxslərin
adından istifadə etməməlidir.
3.5. Administrator / Qeydiyyatçı Sifarişçi tərəfindən
domen adında digər şəxslərin adının,
əmtəə nişanının istifadə edilməsi
ilə onların hüquqlarının pozulmasına görə
məsuliyyət daşımır.
3.6. Verilənlər bazasında aşağıdakı
məlumatlar öz əksini tapır:
domenin adı
domen adından istifadə edən (sifarişçi)
Sifarişçinin əlaqə vasitələri
DNS: 1
2
3.7. Sifarişçi verilənlər bazasında onunla bağlı saxlanılan məlumatların
aktuallığının təmin edilməsinə dair məsuliyyət daşıyır. Verilənlər bazasında
saxlanınlan məlumatlarda dəyişikliklər baş verdikdə Sifarişçi 1 ay müddətində
bu barədə Administratora / Qeydiyyatçıya xəbər verməlidir.
3.8. Administrator / Qeydiyyatçı domen adının qeydiyyatı zamanı Sifarişçi
tərəfindən təqdim edilmiş verilənlər bazasında saxlanılan məlumatın həqiqətə
uyğun olmadığını (dəqiq olmadığını) aşkar edərsə bu barədə sifarişçiyə
dərhal verilənlər bazasında göstərilmiş bütün əlaqə vasitələri ilə məlumat
(bildiriş) verir. Sifarişçi 1 ay ərzində yeni məlumatlar təqdim etməzsə
və ya yuxarıda göstərilən məlumatların həqiqətə uyğun olduğunu sübut edən
sənədlər təqdim etməzsə domen adının qeydiyyatı ləğv edilir.
IV. Domen adının qeydiyyatından imtina edilməsi
4.1. Domen adının qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər:
iddia olunan domen adı üçüncü şəxsin adına qeydiyyata alınmışdırsa;
domen adının qeydiyyata alınması məqsədi lə təqdim edilmiş sənədlər müvafiq
qaydada tərtib edilməmişdirsə;
domen adında mənəviyyata zidd, senzuradan kənar sözlər, ifadələr işlədilmişdirsə;
3.1-ci bənddə müəyyən edilmiş texniki tələblərə riayət edilməmişdirsə;
domen adı 3.2-ci bənddə müəyyən edilmiş qaydalara riayət edilməməklə tərtib
edilmişdirsə;
domen adının istifadəsi ilə üçüncü şəxslərin hüququ pozulursa (domen adında
başqa hüquqi şəxsin adı, əmtəə nişanı və ya fiziki şəxsin adı, soyadı
işlədilmişdirsə).
4.2. Domen adının qeydiyyata alınmasından imtina barədə əsaslandırılmış
qərar 3 iş günü müddətində Sifarişçiyə təqdim edilir. Qərardan müvafiq
qaydada şikayət verilə bilər.
V. Domen adının yenidən qeydiyyatı
5.1. Müqavilədə müəyyən edilmiş domen adının qeydiyyatı müddətinin bitməsinə
1 ay qalmış Administrator / Qeydiyyatçı Sifarişçiyə qeydiyyat müddətinin
bitməsi və qeydiyyat müddətinin uzadılıb-uzadılmaması barədə sorğu göndərir.
Bu müddətdə Sifarişçi domen adının qeydiyyatının uzadılması barədə müraciət
etməzsə müqavilə müddəti bitdikdən sonra domen adı ləğv edilir. Sifarişçi
domen adının qeydiyyatının uzadılması barədə müraciət etdikdə müqavilənin
müddəti 1 il müddətinə uzadılır və qeydiyyata alınmış domen haqqında məlumat
növbəti qeydiyyat müddəti ərzində verilənlər bazasında saxlanılır. Müqavilə
yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə
bilər.
VI. Domenlərin idarə edilməsi
6.1. Administrator / Qeydiyyatçı domenlərin idarə edilməsi ilə bağlı
Sifarişçi ilə üçüncü şəxslər arasında yaranan münasibətlərdə iştirak etmir.
6.2. Domen adı mülkiyyət hüququnun obyekti deyil və alqı-satqı müqaviləsinin
obyekti ola bilməz.
6.3. Domenin başqa fiziki və ya hüquqi şəxsə keçməsi yalnız Sifarişçinin
yazılı müraciəti əsasında həyata keçirilir.
6.4. Domen adının keçdiyi şəxs və Administrator / Qeydiyyatçı arasında
domenin qeydiyyata alınması haqqında yenidən müqavilə bağlanır.
6.5. Domen adının qeydiyyatının vaxtından əvvəl ləğv edilməsinə aşağıdakı
hallarda yol verilir:
Sifarişçinin ərizəsinə əsasən;
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
Administrator / Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanmış müqavilədə
nəzərdə tutulmuş hallarda;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
6.6. Aşağıdakı hallarda domen adının texniki xidmətinin dərhal dayandırılmasına
yol verilir:
Sifarişçinin ərizəsinə əsasən;
DNS haqqında məlumatların dəyişməsi nəticəsində 3.1-ci bənddə nəzərdə
tutulmuş tələblərə riayət edilmirsə;
Administrator / Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanmış müqavilədə
nəzərdə tutulmuş hallarda;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
6.7. Administrator / Qeydiyyatçı domen adının qeydiyyatının vaxtından
əvvəl ləğv edilməsi və ya domen adının texniki xidmətinin dayandırılması
haqqında qərarını 24 saat ərzində Sifarişçiyə göndərir.
6.8. Domen adının texniki xidmətinin dayandırılmasına səbəb olan hallar
aradan qaldırıldıqda Administrator / Qeydiyyatçı 24 saat müddətində domen
adının texniki xidmətini bərpa edir. Domen adının texniki xidmətinin dayandırılması
müddəti qeydiyyat müddətinin axımının dayandırılmasına səbəb olmur.
6.9. Administratorun / Qeydiyyatçının domen adının qeydiyyatının vaxtından
əvvəl ləğv edilməsi və ya domen adının texniki xidmətinin dayandırılması
haqqında qərarından müvafiq qaydada şikayət verilə bilər.
VII. Domen adının qeydiyyatı və idarə
edilməsi ilə əlaqədar yaranan mübahisələrə
baxılması
7.1. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan
mübahisələrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun
baxılır.
7.2. Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan mübahisələri
danışıqlar yolu ilə həll etmək cəhdi müsbət nəticə vermədikdə, tərəflər
müvafiq qaydada münsiflər məhkəməsinə və ya Azərbaycan Respublikasının
məhkəmələrin ə müraciət edə bilərlər.
|